“ABŞ və onun Əfqanıstan missiyası üzrə NATO-dan olan müttəfiqlərinin “qorxulu röyası” olan terror maşını Əfqanıstanın paytaxtı Kabil aeroportunun ətrafında hərəkətə gəldi. Avqustun 26-da bu ərazidə törədilən terror hərəkətləri haqqında ilkin statistika çox dəhşətli mənzərənin təsvirini verir. Əfqan Səhiyyə Nazirliyinin məlumatına görə hadisənin baş verdiyi ərazidə 1300 nəfərin yaralanması və 60 nəfərin həlak olması təsdiq olunub. Amerika hərbçiləri arasında yaralananların dəqiq sayı açıqlanmasa da, həlak olanların sayının 13 nəfər olduğu bildirilir. Sözügedən hadisə 2020-ci ildən bəri ABŞ-ın Əfqanıstanda ilk hərbi itkisidir”
Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“ Partlayışların hər ikisi Kabil aeroportu ərazisində əhalinin, xüsusilə Böyük Britaniya və Amerika vətəndaşlarının toplaşdığı otelin yaxınlığında törədilib. Birinci partlayışı terrorçu kamikadze həyata keçirib. Kabil aeroportuna terror hücumunu İŞİD-in öz üzərinə götürməsi haqqında Amerika və Böyük Britaniyadakı kütləvi informasiya vasitələri məlumat verib. Aeroportdakı terror hadisələrindən sonra Kabilin müxtəlif rayonlarında daha bir neçə partlayışın olması haqqında xəbər yayılıb. Bu partlayışları Amerika hərbçilərinin özləri tərəfindən qabaqlayıcı tədbir kimi həyata keçirildiyi haqda məlumat verilir. Bundan əvvəl Pentaqonun sözçüsü Con Kirbi bildirmişdi ki, zərurət yarandığı halda Amerika hərbçiləri aeroportda mövcud olan hərbi sursatı partladacaq. ABŞ prezidenti Co Bayden Əfqanıstanda baş verən hadisələrlə bağlı bütün məsuliyyəti öz üzərinə götürməsi haqqında mətbuat konfransında bəyanat verib. Amma bu, hələ qoşunların Əfqanıstandan çıxarılmasının düzgün qərar olmadığının təsdiqi anlamına gəlmir. Bayden sadəcə Amerika xalqı ilə münasibətdə səmimi olduğunu bildirmək istəyir. ABŞ-ın Taliban rəhbərləri ilə regionda mövcud olan terror qrupları ilə münasibətinin kəsilməsi, onlara Əfqanıstanda sığınacaq verilməyəcəyi barədə öhdəlik almasına baxmayaraq, Əfqanıstanda terror hərəkətlərinin başlayacağı haqqında hamı düşünürdü və bu barədə yetərincə kəşfiyyat məlumatları var idi. Amma belə tezlikdə və bu qədər dəhşətli partlayışların həyata keçirilməsi bir qədər gözlənilməz oldu. Belə çıxır ki, Bayden hakimiyyəti İŞİD-in artıq fəaliyyətə keçməsi barədə yetərincə məlumata malik idi. Elə buna görə də o, Böyük Britaniya , Fransa və İtaliya kimi NATO müttəfiqlərinin qoşunları çıxarmaq müddətinin uzadılması haqqında müraciətlərini cavabsız qoydu”.
Ə. İbrahimov, həmçinin partlayışların nə ilə nəticələnəcəyi barədə proqnozlarını bölüşdü:
“ Bu iki terror aktı ilə bundan sonra NATO hərbçilərinin Əfqanıstanda qalacağı hər gün onların qanı bahasına başa gələcəyi haqqında siqnal verildi. Törədilən terror hərəkətləri xarici qüvvələrin təyin olunmuş müddətə-31 avqusta qədər çıxarılmasına mane olmaq məqsədi də güdə bilər. Axı Taliban özü Amerikaya bu barədə xəbərdarlıq etmişdi ki, xarici qüvvələrin 31 avqustdan sonra Əfqanıstan torpağında qalması ciddi nəticələrə gətirib çıxaracaq. Partlayışların Talibana qarşı törədildiyi də istisna olmur. Bəlkə, İŞİD onların Amerika ilə bu terror qrupuna qarşı gizli sövdələşməsinin haqq-hesabını çəkir. Yaxud, yeni yaradılacaq inkluziv Əfqan hökumətində özü üçün yer axtarır. Kabildəki partlayışlar Talibləri hakimiyyətdə olduqları ilk dövrlərdə- 1995-2001-ci illərdə istifadə etdiyi sərt tədbirlərə əl atmağa məcbur edə bilər. Bu, indiki halda onların beynəlxalq arenaya çıxması baxımdan heç arzuolunan deyil”.