İran ABŞ-dən Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı Tehranın təkliflərinə cavab gözləyir.
Teleqraf xəbər verir ki, Əraqçi bu barədə “Mehr” agentliyinə açıqlamasında danışıb.
Məlumata görə, İran ABŞ-nin yekun mövqeyinin vasitəçilər tərəfindən Tehrana çatdırılmasını gözləyir.
“Vasitəçilər vasitəsilə bizə hələ heç nə çatdırılmayıb. Yekun mövqenin bizə çatdırılmasını gözləyirik və bundan sonra qərar verəcəyik”, – deyə Əraqçi bildirib.
İran XİN rəhbərinin sözlərinə görə, Hörmüz boğazında gəmiçiliyin bərpası Tehranın şərtlərinin yerinə yetirilməsindən asılıdır. O, İranın öz tələblərindən imtina etməyəcəyini və diplomatik yolla irəliləməyə davam edəcəyini qeyd edib.
Əraqçi bildirib ki, Tehran danışıqlar imkanını bağlamayıb, lakin öz hüquqlarından da imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, vəziyyətin həlli yalnız diplomatik proses çərçivəsində mümkündür.
İranın daha əvvəl təqdim etdiyi təklifə əsasən, ABŞ-nin hərbi təzyiqi və İran limanlarına blokadanın aradan qaldırılması qarşılığında Tehran bir həftə ərzində Hörmüz boğazını açmağa və danışıqları bərpa etməyə hazır olduğunu bildirib.