Fon der Lyayen: İrlandiyanın sədrliyi Aİ-nin ticarət sazişlərinin icrasını sürətləndirəcək

İrlandiyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin əsas vəzifələri blokun iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaq üçün etibarlı tərəfdaşlarla ticarət sazişlərinin həyata keçirilməsini sürətləndirmək, vahid bazarı dərinləşdirmək və Avropa biznesi üçün maneələri aradan qaldırmaq olacaq.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kork şəhərində İrlandiyanın Aİ Şurasına sədrliyinin başlaması münasibətilə Avropa Komissarları Kollegiyasının İrlandiya hökuməti ilə görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Avropa innovasiyaların "tədqiqindən genişmiqyaslı tətbiqinə" daha tez keçməli və yüksək texnologiyalı şirkətlərin böyüməsi üçün şərait yaratmalıdır: "Sərhədlərimizdən kənarda biz şaxələndirməni davam etdirməliyik. İrlandiya sədrliyi Hindistan və Meksika ilə sazişlərin mümkün qədər tez qüvvəyə minməsində mərkəzi rol oynayacaq ki, Avropa etibarlı tərəfdaşlarla ticarəti genişləndirə, ixracı artıra və eyni zamanda ayrı-ayrı təchizatçılardan asılılığı azalda bilsin".

Ursula fon der Lyayenin sözlərinə görə, Aİ daxilində prioritet sənaye potensialının inkişafını, "yaşıl" və rəqəmsal keçidə dəstəyi, həmçinin 2027-ci ilin sonunadək əsas islahatların başa çatdırılmasını nəzərdə tutan "Bir Avropa - vahid bazar" ("One Europe, One Market") yol xəritəsinin həyata keçirilməsi olacaq.

İrlandiyanın Baş naziri Mixol Martin bildirib ki, sədrlik üç əsas istiqamətə - rəqabətqabiliyyətlilik, dəyərlər və təhlükəsizliyə diqqət yetirəcək. Onun sözlərinə görə, Dublin tənzimləyici və inzibati maneələrin azaldılmasına, vahid bazarın dərinləşdirilməsinə, beynəlxalq ticarətin inkişafına, dekarbonizasiyanın sürətləndirilməsinə, habelə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqinə prioritet diqqət yetirmək niyyətindədir.

M.Martin qeyd edib ki, "One Europe, One Market" yol xəritəsi Aİ iqtisadiyyatının məhsuldarlığını və rəqabətqabiliyyətliliyini artırmaq üçün praktiki addımları müəyyən edir. O, İrlandiyanın altı aylıq sədrliyi dövründə Avropa Komissiyası ilə bu prioritetlərin həyata keçirilməsi üzrə işləməyə hazır olduğunu bildirib.