Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

İtaliya, Çin və Yeni Zelandiyadan olan alimlər Hind okeanının cənub-şərqindəki səngərlər və dağlar bölgəsi olan Diamantina ərazisində sualtı tədqiqat aparıblar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2023-cü ildə dəniz dibinə 32 dalma zamanı tədqiqatçılar 485 balina qalıqları yeri və 5 yeni çürümüş cəsəd aşkar ediblər. Tapıntılar dəniz səviyyəsindən təxminən 7000 metr aşağıda, əvvəllər aşkar edilmiş balina “məzarlıqlarının” əksəriyyəti isə 4 kilometrdən daha dayaz sularda aşkar edilib.

Alimlər şimal-qərb-cənub-şərq istiqamətində təxminən 1200 kilometr uzanan geniş ərazinin əvvəllər müəyyən edilməmiş “balina axını dəhlizi” təşkil edə biləcəyini qiymətləndiriblər.

Tədqiqatda, həmçinin təxminən 5,3 milyon il əvvələ aid olan nəsli kəsilmiş dimdikli balina növü – “Pterocetus benguelae”nin fosilləşmiş kəlləsi, eləcə də yeni gətirilmiş “Pterocetus diamantinae” növünün başqa bir kəlləsi tapılıb.

Mütəxəssislər çürümüş balina qalıqlarında xərçəngkimilər, molyuska, sümük yeyən qurdlar və kövrək dəniz ulduzları da daxil olmaqla çoxsaylı orqanizm növləri aşkar ediblər.

Tədqiqatın müəlliflərindən biri olan İtaliyanın Piza Universitetindən Covanni Bianuççi bildirib ki, bu kəşf həyatın işığın olmadığı və təzyiqin olduqca yüksək olduğu dərin dəniz mühitlərinə necə uyğunlaşa biləcəyini nümayiş etdirir.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.