İran iki cəbhədə hərəkətə keçdi: İraq Kürdüstanına zərbələr, Hörmüzdə gəmilərə hücum

İran qüvvələri İraq Kürdüstanında, Ərbil ətrafında kürd silahlı qruplaşmalarına aid mövqelərə yeni zərbələr endirib.

Sherg.az xəbər verir ki, Tehran hücumların İranın milli təhlükəsizliyinə təhdid hesab etdiyi kürd silahlı qruplarının bazalarına qarşı həyata keçirildiyini bildirib.

Məlumata görə, son həftələrdə Ərbil və Süleymaniyə əyalətlərində bu qruplaşmaların mövqelərinə raket, PUA və artilleriya zərbələri endirilib. İraq Kürdüstanının yerli hakimiyyət orqanları hücumları İraqın suverenliyinin pozulması kimi qiymətləndirib.

Gərginlik Hörmüz boğazında da artıb. Avqustun 13-də BƏƏ-nin dövlət neft şirkəti ADNOC-a məxsus iki gəmiyə hücum edilib. Şirkət hər iki gəmidə vəziyyətin nəzarətə alındığını və ekipaj üzvləri arasında xəsarət alan olmadığını açıqlayıb.

BƏƏ hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edib. Ölkənin Xarici İşlər Nazirliyi hücumun İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirildiyini bildirib və hadisəni “piratlıq aktı” adlandırıb.

ADNOC-un məlumatına görə, hazırkı münaqişə başlayandan şirkətin gəmiləri Hörmüz boğazında azı 15 raket və PUA hücumuna məruz qalıb.