Belçika və İspaniya Ukraynaya müdafiə xərcləri üçün 1 milyard avro məbləğində yardım ayıracaq. Bundan başqa, Ukrayna ordusu əlavə olaraq F-16 qırıcı təyyarələri və ehtiyat hissələri ilə təmin olunacaq.
APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov açıqlama verib.
Belçika və İspaniyanın müdafiə nazirləri Teo Franken və Marqarita Robles ilə görüşən Fyodorov əməkdaşlığın əsas sahələri barədə razılığa gəldiklərini deyib.
"Belçika bu il Ukraynaya 1 milyard avro müdafiə yardımı ayırır. Ölkə həmçinin Ukraynaya əlavə F-16 qırıcı təyyarələri göndərmək və mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətindədir. İspaniya da bu il Ukraynaya 1 milyard avro dəstək verəcək", - Fyodorov bildirib.