Türkiyə ilə İsrail arasında gərginlik getdikcə artır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” yazır.
İllərdir bir-birinə qarşı sərt bəyanatlar verən Türkiyə və İsrail rəsmiləri arasında söz savaşı 2023-cü ildə Qəzza zolağında müharibənin başlamasından sonra daha da kəskinləşib. Təhlildə vurğulanır ki, bu gərginlik artıq nəzarətdən çıxmağa başlayır.
Bəzi israilli siyasətçilər Türkiyəni İranla eyni təhlükə kateqoriyasında qiymətləndirirlər. Hətta israilli nazirlərdən biri Türkiyə və Suriyanın İsrail üçün İranı geridə qoyaraq “ən böyük təhlükə”yə çevrildiyini iddia edib.
İsrail iyunun 28-də 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaqla gərginliyi daha da artırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna cavab olaraq beynəlxalq platformalarda Qəzzada soyqırımı törədildiyini müdafiə edir və İsrailin Suriya ilə Livandakı hava hücumlarının Türkiyə üçün təhlükə yaratdığını bəyam edir.
Nəşr bildirir ki, oktyabrda keçiriləcək seçkilərə hazırlaşan İsrail Baş naziri Benyamin Netanyahu “mühasirəyə alınmış İsrail” narrativini qorumağa çalışır, buna görə diqqəti başqa təhlükələrə yönəltməyə ehtiyac duyur.
Mənbəyə görə, hər iki tərəf qarşı tərəfin onları mühasirəyə almasından ehtiyat edir, həmçinin İsrail Türkiyənin Suriyada genişlənən mövcudluğunu, Misir, Pakistan və Səudiyyə Ərəbistanı ilə inkişaf edən hərbi əməkdaşlığını narahatlıq mənbəyi kimi qiymətləndirir. Türkiyə isə İsrailin Qəzza, İran və Livandakı hərbi əməliyyatlarına, eləcə də terror təşkilatları ilə əməkdaşlıq etdiyini iddia etdiyi fəaliyyətlərinə diqqət çəkir.
İsrailin İranla müharibəsi Türkiyə üçün yeni narahatlıq mənbəyinə çevrilib. Ankara İran dövlətinin zəifləməsi və ya dağılması, bunun yeni qaçqın axınına və ticarət marşrutlarının pozulmasına səbəb ola biləcəyindən ehtiyat edir. Həmçinin Türkiyənin İran hakimiyyətinin yerinə İsrailə yaxın komandanın gələ biləcəyindən narahat olduğu deyilir.
Digər mühüm gərginlik mənbəyi kimi Şərqi Aralıq dənizində İsrailin Yunanıstan və Cənubi Kiprlə genişlənən əməkdaşlığı göstərilir. Məqalədə bunun Türkiyənin bölgədəki təsirini məhdudlaşdırmağa yönəldiyi qeyd olunur. İsrail də uzun müddətdir Türkiyənin HƏMAS-a verdiyi dəstəkdən narahatdır. Amma son dövrlərdə Ankaranın Suriyadakı rolunun İsrail üçün daha böyük narahatlıq doğurduğu iddia edilir.
İsrail rəsmisi bu barədə “Economist”ə deyib: “Əhməd Şaraanın rəhbərlik etdiyi Suriya Türkiyə rəhbərliyi tərəfindən idarə olunan saatlı bombadır”.
İrandakı müharibə Türkiyənin mövqeyini gücləndirib. Ankara ABŞ ilə İran arasında vasitəçi rolunu möhkəmləndirib, Prezident Donald Trampla yaxşı münasibətlər qurub. Netanyahu Trampla Ərdoğan arasındakı yaxın münasibətlərdən və Vaşinqtonun regionda Türkiyə ilə işləməyə hazır olmasından narahatdır.
İsraildə narahatlıq doğuran digər məsələ isə Türkiyənin təxminən 10 il əvvəl ABŞ-dən sifariş etdiyi F-35 qırıcılarını əldə etmək istiqamətində səylərini yenidən aktivləşdirməsidir. ABŞ-nin Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Soner Çağaptay İsrailin son sərt bəyanatlarını məhz F-35 məsələsi ilə əlaqələndirib: “İsraillilər bilirlər ki, Tramp F-35-lərlə bağlı yeni addım atmağa hazırlaşır, bunun qarşısını almaq istəyirlər”.