Martın 2-də eskalasiya başlayandan bəri İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 4 246 nəfərə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
Qurumun məlumatına görə, bu günədək xəsarət alanların sayı 12 190-a çatıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələri bölmələrinin Livanın cənubundakı bir sıra ərazilərdən mərhələli şəkildə çıxarılmasının başlanmasını nəzərdə tutan çərçivə sazişi imzalayıb. Sənəd münaqişənin dayandırılmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı birləşmələrinin tərk-silah edilməsini və onlarla bağlı infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri ölkədən mərhələli şəkildə çıxarılacaq.