İsrailin keçmiş ədliyyə naziri Daniel Fridman Baş nazir Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp haqqında diqqətçəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Fridman İsrailin “Maariv” qəzetinə müsahibəsində Qəzza zolağında davam edən müharibənin nəticələrini və bunun ölkəsinin beynəlxalq imicinə təsirini dəyərləndirib.
Keçmiş nazir bildirib ki, dünya ictimaiyyəti televiziya ekranlarında Qəzzada dağıdılmış yaşayış məntəqələrini, həlak olan və yaralanan uşaqları, eləcə də çətin şəraitdə yaşayan insanları görür. Onun fikrincə, bu mənzərələr İsrailin beynəlxalq nüfuzuna ciddi zərbə vurur.
Fridman qeyd edib ki, bəzi dairələr İsrailin hərbi əməliyyatlar nəticəsində çəkindirmə gücünü artırdığını düşünsələr də, bunun əvəzində ölkə qlobal ictimai rəydə böyük itkilərlə üzləşib:
“İsrailin əldə etdiyi məhdud çəkindirmə effektinin müqabilində dünya ictimai rəyindəki dəyişiklik, ərəb dünyasında baş verən dönüşüm və ölkənin maraqlarına zidd proseslərin yaratdığı qiymət də nəzərə alınmalıdır”.
O vurğulayıb ki, 2023-cü ilin oktyabrından bəri davam edən müharibə İsrailə münasibətdə mənfi yanaşmanı gücləndirib və hətta ölkənin dostları arasında da narazılıq yaradıb.
Fridman işğal altındakı Qərb Sahilində israilli məskunlaşmaçıların fələstinlilərə qarşı hücumlarının da beynəlxalq reaksiyanı artırdığını bildirib. Onun sözlərinə görə, bu proseslər İsrailin beynəlxalq mövqelərini zəiflədib və Fələstin məsələsinə qlobal dəstəyi gücləndirib.
Sabiq nazir ABŞ-la münasibətlərə də toxunaraq Netanyahuya qarşı sərt tənqid səsləndirib:
“Netanyahunun siyasi zəifliyi Trampın həm onu, həm də İsraili görünməmiş bir alçaldılma prosesinə məruz qoymasına şərait yaradıb”.
Fridman hesab edir ki, son hadisələr İsrailin təhlükəsizliyinə, beynəlxalq nüfuzuna və diplomatik mövqelərinə mənfi təsir göstərib, eyni zamanda ölkəni sanksiyalar riski ilə üz-üzə qoyub.