İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib

İsveç Parlamenti (Riksdaq) bəzi ağır cinayətlərə görə minimum cinayət məsuliyyəti yaşının 14-ə endirilməsinə səs verib.

"Report" bu barədə qanunverici orqanın saytına istinadən xəbər verir.

Parlamentarilər hüquq və miqrasiya siyasəti sahəsində bir sıra qanun layihələrini təsdiqləyiblər.

Cinayət məsuliyyəti yaşının endirilməsi haqqında qanun layihəsini 281 deputat dəstəkləyib, 66-sı isə əleyhinə çıxıb. Hökumət əvvəlcə qeyd olunan yaşın 13 yaş səviyyəsində müəyyən edilməsi təklifini irəli sürüb, lakin bu variant səsverməyə çıxarılmazdan əvvəl rədd edilib. Beləliklə, bəzi ağır cinayətlərdə şübhəli bilinən 14 yaşlı şəxslər artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Hələ 2025-ci ilin oktyabrında hökumət İsveç Həbsxana və Probasiya Xidmətinə 14 yaşlı yetkinlik yaşına çatmayan məhbuslar üçün xüsusi şöbələr hazırlamağı tapşırıb.