Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper Baş nazir Kir Starmerlə görüşdə ona vəzifəsindən istefa verməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Kuperlə Starmer arasında söhbət həftəsonu baş tutub. Bu, xarici işlər nazirinin Baş nazirə istefa verməyi ikinci dəfə tövsiyə etməsi olub.
Bildirilir ki, Kuper ilk dəfə may ayında keçirilən yerli seçkilərdə hakim Leyboristlər Partiyasının məğlubiyyətindən sonra Starmerə postunu tərk etməyi məsləhət görüb.
Britaniya mediasının yazdığına görə, daxili işlər naziri Şabana Mahmud da Baş nazirin istefa verməsini tövsiyə edib.
"Observer" qəzeti yazır ki, Kir Starmer iyunun 22-də istefasını açıqlaya bilər. Əks halda onun iyunun 23-də keçiriləcək Nazirlər Kabinetinin iclasında postunu tərk etməyə çağırılacağı bildirilib.
Nəşrin məlumatına görə, Starmer hakimiyyətin nizamlı şəkildə ötürülməsini təmin etmək üçün istefa tarixini əvvəlcədən müəyyənləşdirmək niyyətindədir. Onun sentyabrda Leyboristlər Partiyasının qurultayından əvvəl vəzifədən ayrılması ehtimal olunur.