Kiyev danışıqlar formatını dəyişmək istəyir: ABŞ əvəzinə Avropa üçlüyü?

Ukrayna rəhbərliyinin Rusiya ilə bağlı danışıqlar prosesində ABŞ nümayəndələrinin rolundan narazı olduğu bildirilir.

 Sherg.az xəbər verir ki, Ukrayna mətbuatında yer alan məlumatlara görə, Kiyev Vaşinqtonun vasitəçi kimi yalnız tərəflərin mövqelərini çatdırmaqla kifayətləndiyini düşünür və daha sərt addımlar gözləyir.

Məlumata əsasən, Ukrayna Prezidenti Volodymir Zelenskyy komandasına yaxın mənbələr mövcud danışıqlar formatının faktiki olaraq dayanmış vəziyyətdə olduğunu iddia edirlər.

İddialara görə, Kiyev gələcəkdə ABŞ nümayəndələrinin əvəzinə Almaniya, Fransa və Böyük Britaniyanın prosesdə daha fəal vasitəçi kimi iştirak etməsini istəyir. Bu kontekstdə Almaniya Kansleri Friedrix Merz, Fransa Prezidenti Emmanuel Macron və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə keçirilən son təmaslar diqqət çəkir.

Bununla belə, ekspertlər qeyd edirlər ki, hər hansı yeni vasitəçilik formatının həyata keçirilməsi üçün həm Ukraynanın, həm də Rusiyanın razılığı tələb olunur. Buna görə də Avropa ölkələrinin mümkün vasitəçi rolu hələlik yalnız ehtimal olaraq qalır.