Kral III Çarlz və Kraliça Kamilla sosial şəbəkələr üçün kontent hazırlayacaq

Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla sosial media platformalarında daha fəal olmaq üçün peşəkar video kontent istehsalçısı axtarırlar.

Sherg.az xəbər verir ki, Bukinqem Sarayının elan etdiyi tam ştatlı vakansiya üzrə illik əməkhaqqı 52 min funt sterlinq təşkil edir. Yeni əməkdaşın dövlət tədbirlərindən pərdəarxası görüntülərə qədər müxtəlif məzmun hazırlayaraq Instagram, X və YouTube platformaları üçün paylaşımlar yaratması nəzərdə tutulur.

Məlumata görə, bu vəzifəyə təyin olunacaq şəxs Britaniya monarxı tərəfindən bu məqsədlə işə götürülən ilk peşəkar video istehsalçısı olacaq. Namizəddən həm peşəkar kamera, həm də mobil telefon vasitəsilə çəkiliş aparmaq, sosial şəbəkələrdə trend olan məzmun hazırlamaq və auditoriya ilə qarşılıqlı əlaqəni artıracaq yaradıcı yanaşma nümayiş etdirmək tələb olunur.

Qeyd edək ki, son illərdə Britaniya kral ailəsi şəxsi həyatına dair görüntüləri daha açıq şəkildə ictimaiyyətlə paylaşmağa başlayıb. Xüsusilə şahzadə Uilyam və şahzadə Keyt sosial media hesablarında ailə həyatı və rəsmi tədbirlərlə bağlı videoları mütəmadi olaraq izləyicilərlə bölüşürlər.