Londonda 1984-cü ildə törədilən və uzun illər açılmayan qətl işi gizli polis əməliyyatı nəticəsində 42 ildən sonra öz həllini tapıb.

Sherg.az xəbər verir ki, 45 yaşlı dövlət qulluqçusu Entoni Littler 1984-cü il mayın 1-də evinə gedərkən naməlum şəxslərin hücumuna məruz qalaraq öldürülmüşdü. İllərlə aparılan istintaqlar nəticə verməmişdi.

İşə yenidən baxan müstəntiqlər ənənəvi üsullar əvəzinə gizli əməliyyata əl atıblar. Kimliyi gizli saxlanılan iki polis əməkdaşı şübhəlilərdən biri ilə uzun müddət dostluq münasibəti quraraq onun etimadını qazanıb. Söhbətlər zamanı şübhəli şəxs hadisə ilə bağlı etiraf xarakterli ifadələr işlədib və bunlar gizli şəkildə qeydə alınıb.

İstintaq zamanı o, qardaşı və bir neçə nəfərin təsadüfi seçdikləri şəxsi döyərək öldürdüklərini bildirib. Sonrakı dindirilmələrdə isə yalnız hadisə yerində olan şəxsin bilə biləcəyi detalları dilə gətirməsi onun cinayətdə iştirakını təsdiqləyən əsas sübutlardan biri olub.

Nəticədə məhkəmə 2026-cı ilin iyulunda hazırda 57 və 60 yaşlarında olan iki qardaşı təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib. Qərara əsasən, onlardan biri azı 10, digəri isə azı 15 il həbsdə qalmalıdır.