Madyarın qurduğu yeni hökumət təsdiqləndi

Macarıstanda 12 aprel parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, yeni Baş nazir Peter Madyarın rəhbərliyi ilə yeni hökumət qurulub.

Teleqraf xəbər verir ki, Prezident Tamaş Şuyok namizədlikləri Baş nazir tərəfindən təqdim edilən və parlament üzvləri tərəfindən təsdiqlənən 16 nazirin təyin edilməsi barədə fərman imzalayıb.

Yeni hökumət üzvlərinin etimadnamələrinin təqdim edilməsi üçün rəsmi mərasim dövlət başçısının rəsmi iqamətgahı olan Şandor Sarayında baş tutub. Yeni hökumətin üzvləri parlament qarşısında and içəcəklər və bundan sonra vəzifələrinin icrasına başlaya biləcəklər. İlk iş iclası mayın 13-nə planlaşdırılıb.

Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumət istefa verib. 16 illik hakimiyyətdən sonra “Fides” Partiyası müxalifətə keçib.