Makron səhnəyə çıxıb iştirakçılara qışqırdı: Ölkəsindən tənqidlər aldı

Fransa deputatları Emmanuel Makronun Keniyada keçirilən panel zamanı səhnəyə çıxaraq iştirakçıları susmağa çağırmasına sərt reaksiya veriblər. Onlar Makronun “müstəmləkəçi kimi davranmaqdan özünü saxlaya bilmədiyini” bildiriblər.

Sherg.az xəbər verir ki, Fransa Prezidenti Keniyanın paytaxtı Nairobi şəhərində keçirilən sammit çərçivəsində mədəniyyət mövzusunda təşkil olunan paneldə iştirak edib.

Afrika mədəniyyətini tanıtmaq üçün yerli geyimdə çıxış edən şəxslərin danışdığı vaxt zalda səs-küy artmağa başlayıb. Buna reaksiya verən Makron səhnəyə çıxaraq aparıcının əlindən mikrofonu alıb.

“Bağışlayın dostlar! Hey, hey, hey! Üzr istəyirəm, amma bu qədər səs-küy içində belə ilhamverici insanların burada çıxış etməsi və mədəniyyətdən danışması mümkün deyil”, - deyə Makron iştirakçılara müraciət edib.

Fransa lideri zalda olanları çıxış edən şəxslərə hörmətsizlik göstərməkdə ittiham edib.

Makron öz aralarında söhbət etmək istəyən iştirakçıları zalı tərk etməyə çağırıb:

“Əgər ikitərəfli görüş keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün ayrıca yerlər var, çölə çıxa bilərsiniz”, -deyə o bildirib.

Fransa Prezidenti əlavə edib:

“Əgər burada qalmaq istəyirsinizsə, insanları dinləyirik.”

Kenya və Fransanın birgə ev sahibliyi etdiyi iki günlük sammitdə çoxlu sayda Afrika lideri, biznes nümayəndəsi və texnologiya startapları iştirak edib.

Makronun “Africa Forward” sammiti çərçivəsində keçirilən paneldə çıxış edənlərin sözünü kəsərək iştirakçıları susdurmağa çalışması Fransa siyasətçilərinin narazılığına səbəb olub.

"La France Insoumise" partiyasının deputatı Daniele Obono sosial şəbəkədəki paylaşımında Fransanın müstəmləkəçilik keçmişinə işarə edərək bildirib:

“Makron Afrika qitəsinə ayaq basan kimi müstəmləkəçi kimi davranmaqdan özünü saxlaya bilmir.”

Fransanın "Le Monde" nəşrinin məlumatına görə, Makron paneldəki çıxışı zamanı Afrikada yeni güclərin yüksəlişindən danışarkən Türkiyəni nümunə göstərib:

“Son on ildə Fransa qitənin iqtisadi potensialının, xüsusilə xammal sahəsindəki cəlbediciliyinin yaratdığı yeni güclərin yüksəlişi ilə üzləşməli olub.”

Makron bu ölkələr arasında Türkiyə, Çin, Morokko, Ərəb Əmirlikləri, Hindistan və Rusiyanın adını çəkib.

“Artıq onlar Afrikadadır. Fransanın keçmiş təsir zonasına tam nəzarət etdiyi və bütün qərarları verdiyi dövr geridə qalıb”, -deyə Fransa Prezidenti vurğulayıb.