Rusiya Arktikanın Avrasiyada ümumi təhlükəsizlik və əməkdaşlıq məkanı kimi formalaşmasını dəstəkləyir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun məqaləsində bildirilib.
Sherg.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin Arctic.ru portalı üçün yazdığı məqalədə qeyd olunur:
“Arktikanın Avrasiyada ümumkontinental təhlükəsizlik və əməkdaşlıq məkanının ayrılmaz hissəsi kimi formalaşmasını dəstəkləyirik”.
Onun sözlərinə görə, Rusiya qütb dairəsi ərazilərində Çin və Hindistanla sıx əməkdaşlıq qurub. Bununla yanaşı, Arktika qarşıdakı 20 il ərzində Yeni Dehli ilə tərəfdaşlığın əsas istiqamətlərindən birinə çevrilə bilər.
Pekinlə Arktika məsələləri hökumət başçılarının müntəzəm görüşləri çərçivəsində geniş şəkildə müzakirə olunur. Şimal Dəniz Yolu üzrə ixtisaslaşmış ikitərəfli yarımkomissiya, xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizmləri və elmi mübadilə platformaları fəaliyyət göstərir.
Lavrov qeyd edib:
“Nəticələr özləri hər şeyi göstərir – buna Rusiyanın şimal dənizləri vasitəsilə müntəzəm konteyner daşımalarının başlanması və onların həcminin artırılması planları, eləcə də qütb tədqiqatları sahəsində əldə olunan digər nailiyyətlər daxildir”.
Lavrov həmçinin bildirib ki, Rusiya Arktika regionunda Belarusla, eləcə də MDB məkanındakı digər müttəfiqləri və tərəfdaşları ilə praktiki əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə hazırdır.
O qeyd edib:
“Braziliya, İndoneziya, İran və digər BRİKS ölkələri ilə Uzaq Şimalda qarşılıqlı fəaliyyət üçün perspektivlər mövcuddur. Belarusla, eləcə də MDB məkanındakı digər müttəfiq və tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Arktika zonasının kompleks inkişafı və Şimal Dəniz Yolunun nəqliyyat-logistika potensialının genişləndirilməsi birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Sergey Lavrovun sözlərinə görə, Rusiya Arktikada sülh və sabitliyin qorunmasına, milli təhlükəsizliyə təhdidlərin səviyyəsinin azaldılmasına çalışır.
Rusiya XİN rəhbəri bildirib:
“Arktikada Rusiya sülh və sabitliyin qorunmasına, milli təhlükəsizliyə təhdidlərin səviyyəsinin azaldılmasına, ölkənin sosial-iqtisadi inkişafı üçün əlverişli xarici şəraitin yaradılmasına çalışır”.
Lavrov əlavə edib ki, bu istiqamətlərin praktiki şəkildə həyata keçirilməsi məqsədilə Moskva qarşılıqlı hazırlıq nümayiş etdirən və konstruktiv mövqedə olan bütün xarici dövlətlərlə əməkdaşlığa açıqdır.