Moskvada Berlin “Rus Evi”nin bağlanmasına qarşı etiraz aksiyası keçirilib

Moskvada Almaniya səfirliyinin qarşısında Berlindəki “Rus Evi”nin bağlanması qərarına etiraz aksiyası keçirilib.

Sherg.az xəbər verir ki, aksiya iştirakçıları “Mədəniyyətə - bəli! Qadağalara - xeyr!” və “Mədəniyyətə qapılar bağlanan yerdə demokratiya bitir” yazılı plakatlar qaldırıblar.

Etirazçılar bildiriblər ki, Rusiya mədəniyyəti hədəfə çevrilməməli, rus dili və kitabları Almaniya üçün təhlükə yaratmamalıdır.

Sentyabrın 1-də Almaniya hökuməti Leypsiq hava limanında pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı insidentdən sonra “Rus Evi”nin fəaliyyətinə dair sazişi ləğv edib.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Rusiyada Höte İnstitutunun filiallarının fəaliyyətinə verilən icazəni ləğv edib və Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinə razılığı geri götürüb.