- "Onsuz da, lokal münaqişələrin dünya ölkələrinə təsiri böyükdür"
Dünya ölkələri yeni dünya düzəninin formalaşdığı dönəmdə hərbi eskalasiyaların içərisində öz varlığını və maraqlarını qorumağa çalışır. Yaxın Şərqdə ABŞ və İran, Şərqi Avropada isə Ukrayna-Rusiya çıxılmaz dilemma ilə üz-üzədir. Ukraynanın Xəzər dənizində İrana məxsus ticarət gəmisinə vuruduğu zərbə, münaqişə coğrafiyasının genişlənəcəyinə dair narahatlıqları daha da artırdı.
Serbiya Prezidenti Aleksandr Vuçiç dünyada cərəyan edən prosesləri şərh edərkən, lokal toqquşmaların daha böyük müharibəyə çevrilmə ehtimalının yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələr sülhün bərqərar olması üçün müəyyən addımlar atsa xəta sovuşacaq. Əks təqdirdə, dünyanı böyük müharibə gözləyir.
Prezidentin bu bəyanatı III Dünya Müharibəsinin başlayacağındanmı xəbər verir?
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Sherg.az-a bildirib ki, artıq dünyada baş verən münaqişələrə bir çox ölkələr cəlb olunub:
“Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqının 27 dövləti cəbhədə fiziki yer almasalar da, Zelenskiyə hərbi və iqtisadi yardım göstərməklə müharibəyə cəlb olunmuş sayılırlar. Amerika-İran münaqişəsinə də müəyyən dövlətlər öz istəkləri ilə olmasa da, bu və ya digər formada qoşulmalı olublar. Fars körfəzi ölkələri və Amerikanın müttəfiqləri buna misaldır. Artıq İranın Yaxın Şərqin müxtəlif ölkələrinə səpələnmiş proksi qüvvələri, Qərb üçün birbaşa təhlükə mənbəyinə çevrilib. Bu o deməkdir ki, lokal görünən münaqişələr əslində daha genişmiqyaslı qlobal qarşıdurmanın tərkib hissəsidir”.
Politoloqun sözlərinə görə, mövcud gərginliyin Üçüncü Dünya Müharibəsinə çevrilmə ehtimalı reallıqdan uzaq görünür:
“Hələlik münaqişələr lokal çərçivədə gedir. Dövlətlər prosesə cəlb olunsalar da, aktiv şəkildə müharibədə iştirak etmək niyyətində deyillər. Onsuz da, lokal münaqişələrin dünya ölkələrinə təsiri böyükdür. Bu özünü xüsusilə inflyasiyanın yüksəlməsi, enerji daşıyıcılarının bahalaşması və qlobal təchizat zəncirinin pozulması kimi kritik amillərdə göstərir. Mümkün risklərin miqyasını bir sıra aparıcı dövlətlər də aydın dərk edir. Odur ki, hələlik genişmiqyaslı qarşıdurma baş verməyəcək. Çünki münaqişə tərəfləri, eskalasiyanı dərinləşdirməyin fəlakətli nəticələr doğuracağını yaxşı anlayırlar. Bir sözlə, Üçüncü Dünya Müharibəsinin müəyyən simptomları özünü büruzə versə də, proseslərin qlobal hərbi toqquşma fazasına keçəcəyi inandırıcı deyil”.