NATO üzvləri Türkiyədə keçiriləcək qarşıdakı sammitin yekun bəyanatı ilə bağlı ortaq mövqe formalaşdıra bilmirlər.
Sherg.az xəbər verir ki, məlumata görə, alyans daxilində əsas fikir ayrılığı şərq istiqamətində boru kəmərləri şəbəkəsinin genişləndirilməsi və Ukraynaya ayrılacaq yeni yardım paketi ilə bağlı yaranıb.
Bildirilir ki, Soyuq müharibə dövründən qalan NATO boru kəmərlərinin şərqə doğru genişləndirilməsi təşəbbüsü Polşa tərəfindən irəli sürülüb və bir sıra üzv ölkələr tərəfindən dəstəklənib.
Digər mübahisə mövzusu isə Ukraynaya bu il və gələn il üçün nəzərdə tutulan 70 milyard avroluq yardım paketidir. İtaliya tərəfi bəyanatda gələn ilə aid maliyyə öhdəliklərinin qeyd edilməsinin əleyhinə çıxaraq, bunun münaqişənin sülh yolu ilə həllinə mane ola biləcəyini bildirib.
Qeyd edək ki, NATO-nun növbəti sammiti 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək. Türkiyənin müdafiə naziri Yaşar Güler sammitin alyansın dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmağa hazır olduğunu nümayiş etdirməli olduğunu vurğulayıb.