Niderlandın Nunspeyt şəhərində bayram işıq şousu zamanı avtomobilin tamaşaçılara çırpılması nəticəsində azı 9 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Niderlandın Gelderland əyalətinin polis orqanları məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 18:45-də bayram işıq şousunun başlanğıcında baş verib. Tamaşaçılar bəzədilmiş kənd təsərrüfatı texnikasından ibarət kolonun keçidini izləmək üçün yolun kənarlarında toplaşıblar.
Avtomobilin izdihama çırpılması nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Polis hazırda hadisənin qəsdən törədildiyini göstərən əlamətlərin aşkar olunmadığını, araşdırmanın davam etdiyini bildirib.
Avtomobili idarə edən 56 yaşlı yerli qadın yüngül xəsarət alıb və saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürmə xidmətləri, həmçinin sanitar helikopterlər cəlb olunub. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Bələdiyyə rəhbərliyi bayram tədbirinin vaxtından əvvəl dayandırıldığını açıqlayıb.