Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

Norveç kraliçası Sonya sükutu pozaraq vəliəhd şahzadə Mette-Maritin ağciyər transplantasiyasından sonrakı vəziyyəti barədə danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Fædrelandsvennen" qəzeti məlumat yayıb.

Kristiansand şəhərində keçirilən incəsənət sərgisinin açılışında iştirak edən kraliçanın sözlərinə görə, ötən həftə baş tutan transplantasiya əməliyyatı uğurla keçirilib və Norveçin gələcək kralı, vəliəhd şahzadə Hokonun həyat yoldaşı Mette-Maritin həyatını xilas edib.

52 yaşlı Mette-Maritə hələ 2018-ci ildə proqressiv ağciyər fibrozu diaqnozu qoyulmuşdu. Xəstəlik səbəbindən o, oksigen balonundan istifadə etməyə məcbur qalmış və rəsmi tədbirlərdə iştirakını xeyli azaltmışdı.

Əməliyyat ailə üçün daha bir ağır hadisə ilə eyni dövrə təsadüf edib. Mette-Maritin böyük oğlu Marius Borq Hoybi zorlama, döymə və digər cinayətlərdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Mənbələrin məlumatına görə, buna baxmayaraq, o, xəstəxanada anasını gizli şəkildə ziyarət edib.

Bu il yaşanan bütün sarsıntılara, o cümlədən vəliəhd şahzadə Hokonun Ceffri Epşteynlə dostluğu ətrafında yaranmış qalmaqala baxmayaraq, kral ailəsi Mette-Maritə dəstəyini davam etdirir. Vəliəhd şahzadə Hokon onun vəzifələrinin bir hissəsini öz üzərinə götürüb, qızı Aleksandra anasının yanında olmaq üçün Sidney Universitetindən Osloya köçüb, kiçik oğlu Sverre isə mütəmadi olaraq anasını ziyarət edir.

Bundan əvvəl Norveç kralı Harald V və vəliəhd şahzadə Hokon Marius Borq Hoybi barəsində çıxarılan hökmü şərh etməkdən imtina etmişdilər. "BBC News"un sorğusuna cavab olaraq Norveç kral ailəsinin nümayəndəsi məhkəmə prosesinin nəticələri ilə bağlı heç bir açıqlama verilməyəcəyini bildirmişdi.