Paris məhkəməsi Fransanın "Lafarge" şirkətini Suriyada terrorçuları maliyyələşdirməkdə təqsirli bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Global Banking & Finance Review" nəşri informasiya yayıb.
Məlumata görə, 2025-ci ilin noyabrından bəri işi araşdıran məhkəmə şirkətin terrorçulara ümumilikdə 5.6 milyon avro ödədiyini müəyyən edib. Şirkətin səkkiz əməkdaşı da iş üzrə təqsirli bilinib.
İsveçrənin "Holcim" konserninə daxil olan "Lafarge" şirkətinə qarşı cinayət işi Fransa Prokurorluğu tərəfindən başlanılıb.
Prokurorluğun versiyasına görə, sözügedən qurumun Suriyadakı bölməsi şirkətə aid müəssisələrin döyüşçülərin nəzarətindəki ərazilərdə fəaliyyətini davam etdirməsi üçün terrorçulara pul ödəyib. Söhbət 2013-2014-cü illərdə baş verən hadisələrdən gedir. Həmi vaxt Suriya ərazisinin bir hissəsi İŞİD qruplaşması və onunla əlaqəli birləşmələr tərəfindən nəzarətdə saxlanılırdı.
Avropa və Fransa qanunlarına əsasən, şirkət terrorizmi maliyyələşdirib və bəşəriyyətə qarşı cinayətlərə şərik olub.
Xəbərdə bildirilir ki, 2022-ci ilin oktyabrında ABŞ Ədliyyə Nazirliyi və "Lafarge" arasında razılaşma əldə olunub. Şirkət oxşar ittihamlarla əlaqədar ABŞ hakimiyyətinə 777.78 milyon dollar cərimə ödəyib.