“Litva öz ərazisində nüvə silahı yerləşdirsə, Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əgər siz öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, kiməsə qarşı yönəlib. Bəllidir ki, bu silah Qərbə qarşı yönəlməyəcək. Şərqə, yəni bizə tuşlanacaq. Əgər sizin ərazinizdə bizə qarşı tuşlanmış nüvə silahları varsa, o zaman həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın nişangahında olacaq”, - Dmitri Peskov qeyd edib.
Bəyanat Litva Seyminin sədri Yuozas Olyakasın parlamentin qış aylarında ölkədə kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırmaq üçün Konstitusiyaya dəyişiklik etməyi planlaşdırdığını bildirməsindən sonra səslənib. Hazırda Litva Konstitusiyası ölkədə kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir.