Rusiya qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində irəliləməni davam etdirir və son sutkada üç yaşayış məntəqəsi yaxınlığında mövqelərini genişləndiriblər.
Teleqraf xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat yayıb.
Bildirilib ki, Rusiya bölmələri Mirnoqrad, Pokrovsk və Svitloye yaşayış məntəqələri ərazisində irəliləyiş əldə edib. Qeyd olunur ki, Svitloye qəsəbəsi Mirnoqradın şimal-qərbində yerləşir. Analitiklər həmçinin Pokrovsk ətrafında təmas xəttinin dəqiqləşdirildiyini bildiriblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Pokrovsk istiqamətində son sutka ərzində Rusiya ordusunun 26 hücum cəhdi dəf edilib. Döyüşlər Novoye Şaxove, Çervonıy Liman, Rodinskoye, Mirnoqrad, Pokrovsk, Kotline, Molodetske, Udaçnoye, Filiya, Daçnoye yaşayış məntəqələri və Novopavlivka istiqamətində qeydə alınıb.
Birləşmiş Qüvvələr Qrupunun kommunikasiya idarəsinin rəisi, polkovnik-leytenant Viktor Trequbov bildirib ki, Xarkov, Luqansk və Sumi vilayətlərində döyüşlərin intensivliyi nisbətən azalıb. Lakin onun sözlərinə görə, Rusiya qüvvələri yenidən qruplaşma yaradaraq növbəti hücumlara hazırlaşır. Trequbov qeyd edib ki, Rusiya ordusu yanvar ayında yeni hücum üçün şərait yaratmağa çalışır.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci sürətli reaksiya korpusu rus qoşunlarının Pokrovsk istiqamətinə əlavə qüvvələr cəmləşdirdiyini bildirib. Məlumata görə, ruslar Şevçenkove–Pokrovsk logistika marşrutundan istifadə edərək canlı qüvvə və texnikanı bölgəyə ötürməyə cəhd göstəriblər.