Polşanın Ukraynaya pilotsuz uçuş aparatlarının ixracı 2023–2025-ci illər ərzində demək olar ki, altı dəfə artıb. Sherg.az xəbər verir ki, rəsmi statistika bazasının məlumatlarına əsasən, bu sahədə ticarət həcmi 135,9 milyon dollardan 796,8 milyon dollara yüksəlib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri fonunda Avropa ölkələri Ukraynaya Rusiyaya zərbələr endirmək üçün pilotsuz aparatların istehsalını və tədarükünü artırmaq qərarına gəliblər. Qurumun məlumatına görə, bu, Avropada yerləşən Ukrayna və birgə müəssisələrin, o cümlədən Polşa, Böyük Britaniya, Almaniya, Danimarka və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin genişləndirilməsi hesabına həyata keçirilir.
Artım əsasən çəkisi 250 qramdan 7 kiloqrama qədər olan kiçik taktiki dronlar hesabına baş verib. Onların ixracı 2023-cü ildə 119,6 milyon dollar olduğu halda, 2024-cü ildə 324 milyon dollara, 2025-ci ildə isə 609,5 milyon dollara çatıb. Bu kateqoriya Ukraynaya göndərilən bütün pilotsuz aparatların təxminən 76,5%-ni təşkil edir.
Çəkisi 7–25 kiloqram olan orta dronların ixracı 2024-cü ildə kəskin artaraq 115,3 milyon dollara yüksəlsə də, 2025-ci ildə 90,3 milyon dollara enib. 25-150 kiloqram aralığında olan dronların tədarükü isə davamlı artım göstərərək 2023-cü ildəki 1,25 milyon dollardan 2025-ci ildə 95,2 milyon dollara çatıb.
150 kiloqramdan artıq olan ağır dronların ixracı isə əksinə, kəskin azalıb -4,97 milyon dollardan 795 min dollara düşüb. 250 qramadək olan çox yüngül dronların tədarükü 2023-cü ildə 539 min dollar, 2024-cü ildə 2,78 milyon dollar olduğu halda, 2025-ci ildə 64% azalaraq 994 min dollara enib.
2024–2025-ci illərin dinamikası göstərir ki, tədarük zəncirində yenidənqurma baş verir: 7–25 kiloqram kateqoriyası təxminən 22 faiz bəndi azalıb, 25–150 kiloqram seqmenti isə sürətli artımını davam etdirib. Bu isə daha ağır platformalara doğru strateji yönəlmənin olduğunu göstərir.