Putinin Kuril adalarına səfəri Rusiya-Yaponiya arasında böhran yaradıb

Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri Yaponiya ilə Moskva arasında növbəti gərginliyə səbəb olub.

Sherg.az xəbər verir ki, Putin Saxalin adasında hərbi təlimi izlədikdən sonra Rusiyanın nəzarətində olan İturupa gedib, burada bir sıra obyektlərə baş çəkib və yerli sakinlərlə görüşüb.

Tokio səfərə sərt reaksiya verib. Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi adaların həm tarixi, həm də beynəlxalq hüquq baxımından Yaponiyanın ayrılmaz ərazisi olduğunu bildirib və Rusiyaya etiraz notası təqdim edildiyini açıqlayıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə Yaponiyanın narazılığını Tokionun belə səfərlərə “tipik reaksiyası” adlandırıb və Kuril adalarının Rusiyanın ərazisi olaraq qalacağını vurğulayıb.

Kuril adalarının statusu İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında əsas mübahisə mövzularından biridir. Ərazi mübahisəsi səbəbindən iki ölkə müharibədən sonra hərtərəfli sülh sazişi imzalamayıb.