Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi Kurultay (parlament) üzvlərinin seçki kampaniyası zamanı sosial mediada yalan məlumatlar yayması faktını qeydə alıb.
Teleqraf xəbər verir ki, bəzi namizədlər ölkədə tanınmış şəxsin şəklindən istifadə edərək, vətəndaşları siyasi partiyalardan birini dəstəkləməyə və kütləvi tədbirdə iştirak etməyə çağrıb, dəstəyə görə isə pul mükafatı vəd ediblər.
Qeyd olunan şəxs artıq kampaniyada iştirakını rəsmən təkzib edib və abunəçiləri mesajın yalan olması barədə məlumatlandırıb.
Mərkəz xatırladıb ki, Qazaxıstanın seçki qanunvericiliyi ilə vətəndaşların yazılı razılığı olmadan onların şəkillərinin təşviqat materiallarında istifadəsi, eləcə də maddi nemət və ya ödəniş vədləri ilə müşayiət olunan seçkiqabağı təşviqatın keçirilməsi qadağan edilir.
Bundan əlavə, mərkəz vətəndaşları saxta nəşrdə yer alan icazəsiz kütləvi tədbirlərdə iştirak etməkdən çəkindirib və onları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
Xatırladaq ki, Qazaxıstan Kurultay seçkisi bu il avqustun 23-də keçiriləcək.