Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi

“Regionda dəyişən geosiyasi vəziyyət Kipr məsələsinin tez bir zamanda həllini tələb edir”.

Teleqraf xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Nikosiyada Kipr Prezidenti Nikos Xristodulides ilə görüşündə deyib.

Beynəlxalq təşkilatın rəhbəri bildirib ki, Kipr probleminin həllinin vacib olduğu an varsa, o da indi - bölgədəki xaos dövründədir.

Əks halda, Quterreş hesab edir ki, müəyyən geosiyasi dəyişikliklər Kipri arzuolunmaz hadisələrin mərkəzinə qoya bilər".

BMT baş katibi Nikosiyaya səfərini “adanın probleminə həll yolu tapmaqda Kiprin iki icmasına dəstək məqsədi daşıyan həmrəylik və təvazökarlıq səfəri” adlandırıb. O, Kiprdə həllin təkcə adaya deyil, həm də regionda gərginliyin azaldılmasına töhfə verəcəyini vurğulayıb.

Quterreş əlavə edib ki, onun rolu heç kimə nə edəcəyini deməməkdir. Baş katib Kipr icmalarının və liderlərinin adanın problemini həll səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

BMT baş katibi vəd edib: “Əlimdən gələni edəcəm”.

Nikos Xristodulideslə görüşündən sonra Quterreş Şimali Kipr Türk Cümhuriyyətinə səfər edərək, Lefkoşada Prezident Tufan Ərhürmanla münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək.