Romada xaos: Respublika Günü paradı öncəsi süvari alayının atları qaçdı

İtaliyanın paytaxtı Romada Respublika Günü münasibətilə keçiriləcək rəsmi parad öncəsi gözlənilməz hadisə baş verib. Süvari alayına məxsus atlar saxlanıldıqları yerdən qaçaraq şəhər küçələrində nəzarətsiz şəkildə çapıblar.

Sherg.az xəbər verir ki, İtaliyada hər il 2 iyun tarixində qeyd olunan Respublika Günü münasibətilə hazırlıqlar davam etdiyi bir vaxtda yaşanan hadisə paytaxtda qısa müddətli xaosa səbəb olub.

Yerli KİV-in məlumatına görə, gecə saatlarında qaçan atlar xüsusilə Kristof Kolomb prospekti ərazisində hərəkət edərək bəzi avtomobillərə ziyan vurublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Atların qaçması ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə süvari dəstəsinin üzvlərinin at belində qaçan heyvanları tutmağa çalışdığı əks olunub.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallardan birinə görə, atlar yaxınlıqda atılan fişənglərin səsindən qorxaraq nəzarətdən çıxıb və saxlanıldıqları ərazidən qaçıblar.

Qeyd edək ki, İtaliya 1946-cı il iyunun 2-də keçirilən referendum nəticəsində monarxiyadan respublika idarəetmə formasına keçib. Həmin tarix ölkədə hər il təntənəli hərbi parad və rəsmi tədbirlərlə qeyd olunur.