Rusiya sərhədləri içərisinə sıxışdırılır: diplomatlar qovulur, dünyadan təcrid...

Latviya Rusiyanın ölkədəki 2 konsulluğunu bağlayacaq. Bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.  Bundan başqa, rəsmi Moskvanın 13 diplomatı bu ölkədən çıxarılacaq. Digər Baltikyanı ölkə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın 14 diplomatı persona nonqrata elan ediləcək. Həmçinin şimal qonşumuzun ölkədəki 2 konsulluğu bağlanacaq. Bununla da gün ərzində altı Avropa ölkəsindən çıxarılan Kreml diplomatlarının sayı 100-ə çatıb. 
Qeyd edək ki, bir çox ölkə Rusiyanın Ukraynadakı işğalçı rejiminə görə bu addımı atır. Şimal qonşumuza iqtisadi sanksiyalarla yanaşı diplomatik təzyiqlər də göstərilir. Müharibənin necə bitəcəyi məlum deyil. Ancaq görünür, təzyiqlər Rusiyanı çətin situasiyaya salacaq.
Məsələ ilə bağlı “Sherg.az”a danışan analitik Elçin Xalidbəyli bildirib ki, Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılması prosesi bütün istiqamətlər üzrə davam etdirilir:
“Kreml beynəlxalq məkandan tamamilə təcrid olunmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb. Rusiyanın, hətta BMT-nin İnsan Hüquqları Komitəsindən də xaric edilməsi barədə təkliflər var. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə də konkret addımlar atılacaq”.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Ukraynaya hücumu ona fəlakət gətirə bilər:
“Məsələ ondadır ki, Rusiya qüvvəllərinin Ukraynanın müxtəlif şəhərlərində həyata keçirdiyi dəhşətli hadisələr hazırda Kremlə qarşı bumeranq effekti verməyə başlayıb. Xüsusilə də, İrpen və Buça şəhərlərində törədilən kütləvi qətliamlar və hərbi cinayətlər şimal qonşumuza olduqca baha başa gələ bilər. Üstəlik, Ukrayna şəhərləri işğaldan azad olunduqca, rus ordusunun törətdiyi hərbi cinayətlər daha qabarıq şəkildə ortaya çıxmaqda davam edir. Ona görə də, Rusiyanın bundan sonra da beynəlxalq məkanda müxtəlif istiqamətli sanksiyalara məruz qala biləcəyi qətiyyən istisna deyil”.
E.Xalidbəyli ABŞ və Qərbin mövqeyindən bəhs edib:
“Son vaxtlara qədər Rusiya ABŞ və Qərbin maliyyə-iqtisadi sanksiyaları ilə üzləşməkdəydi. Həmin sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə birbaşa bağlıydı. Böyük ehtimalla bundan sonra rəsmi Moskva daha  ciddi sanksiyalara məruz qalacaq və zəiflədikcə təzyiqlər də artacaq”.
Politoloq rus diplomatlarının müxtəlif ölkələrdən qovulması məsələsini izah edib:
“Hələlik bunu şimal qonşumuzun Ukraynada törətdiyi qətliamlarla əsaslandırmağa çalışırlar. Ancaq bu addımların atılmasında Rusiyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diplomatik personalın əksəriyyətinin kəşfiyyatçı olması xüsusi rol oynayır. Bəzi Avropa ölkələri rəsmi Kiyevdəki hərbi cinayətləri səbəb göstərərək, öz ərazilərindəki Rusiya kəşfiyyatçılarından  xilas olmağa çalışırlar.
Belə davam edərsə, yaxın gələcəkdə bu proseslər Qərb ölkələrinin Rusiya ilə bütün diplomatik münasibətləri kəsməsinə qədər inkişaf edə bilər. Bu isə onun dünyadan tamamilə təcrid edilməsi anlamı daşıyacaq”.