Rusiya Uitkoff və Kuşneri Moskvada qəbul etməyə hazırdır

Rusiya və ABŞ arasında mövcud diplomatik kanallar vasitəsilə intensiv təmaslar davam edir, rəsmi Moskva yaxın gələcəkdə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffu və Amerika liderinin kürəkəni Cared Kuşneri qəbul etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

O, ABŞ rəsmilərinin Moskvaya uzun müddətdir səfər etməməsinə baxmayaraq, tərəflər arasında dialoqun kəsilmədiyini vurğulayıb:

"Mövcud rabitə kanalları vasitəsilə təmaslar həqiqətən də kifayət qədər tez-tez və sıx xarakter daşıyır".

D.Peskov ABŞ rəsmilərinin Moskvaya mümkün səfər perspektivlərinə də toxunaraq, Rusiyanın birbaşa danışıqlara açıq olduğunu qeyd edib: "Onlar hazırda kifayət qədər məşğuldurlar. İş qrafikləri boşalan kimi həm xüsusi elçi Stiven Uitkoffu, həm də Cared Kuşneri Moskvada görməyə həmişə şad olarıq".