Rusiyada Prezident Vladimir Putinin ünvanına açıq tənqidlər səsləndirənlərin sayı durmadan artır. Bu, yaxın vaxtlara qədər demək olar, mümkün deyildi.
Teleqraf xəbər verir ki, bu barədə “The Hill” yazıb.
Nəşrin məlumatına görə, buna səbəb ölkədə yığılıb qalan iqtisadi problemlər, yanacaq qıtlığı, inflyasiyanın artması, Rusiyanın enerji infrastrukturuna endirilən zərbələr və Ukraynaya qarşı müharibədə ordunun verdiyi ağır itkilərdir.
Rusiyanın energetika nazirinin keçmiş müavini olmuş, hazırda mühacirətdə yaşayan iqtisadçı Vladimir Milov hesab edir ki, ölkədə vəziyyət sürətlə pisləşir, hazırda baş verənlər böhrandır: “İndi gördüyümüz mənzərə ölkənin çətin vəziyyətdə olduğunun ictimai şəkil etirafının misli görünməmiş sürətlə artmasıdır”.
Ən diqqətçəkən məqam Rusiya hakimiyyətinə yaxın nüfuzlu şəxslərin açıqlamalarıdır. Putinin ilk iki prezidentlik dövründə iqtisadiyyat naziri olmuş, hazırda isə Rusiyanın ən böyük bankı olan “Sberbank”a rəhbərlik edən və ölkənin ən nüfuzlu elita nümayəndələrindən biri sayılan German Qref yaxın vaxtlarda müharibənin başa çatdırılmasının zəruriliyindən açıq danışıb.
“Mən düşünmürəm ki, hazırda hərbi əməliyyatların mümkün qədər tez başa çatmasından daha çox insanları narahat edən başqa məsələ var. Bu, aydındır”, - o, Rusiyadakı iqtisadi çətinlikləri şərh edərkən bildirib.
“The Hill” vurğulayıb ki, Ukraynanın uzaqmənzilli dronlar və raket texnologiyaları sahəsində əldə etdiyi uğurlar Kremlə təzyiq göstərən mühüm amillərdən birinə çevrilib. Ukrayna işğal olunmuş Krım və Rusiya ərazisindəki hədəfləri tez-tez vurmağa başlayıb. Bu isə Rusiyaya təkcə maddi yox, həm də psixoloji zərər vurur. Sıravi Rusiya vətəndaşları müharibənin nəticələrini hiss etməyə başlayıblar: yanacaq təchizatında fasilələr, yüksək qiymətlər, yanacaqdoldurma məntəqələrində növbələr və Krımda istirahətdən imtinalar.
Analitiklər Vladimir Putinin hərbi komandanlıqdan cəbhədəki real vəziyyət barədə təhrif olunmuş məlumatlar ala biləcəyini də ehtimal edirlər. Buna misal olaraq, Rusiya Müdafiə Nazirliyinə məxsus olduğu bildirilən və sızdırılan “xəritə” göstərilir. Həmin “xəritə”də Ukraynanın nəzarətində olan yaşayış məntəqələri “işğal edilmiş ərazilər” kimi qeyd olunub.