Rusiyada siqnal itirdikdə geri qayıdan “Sibiryçok-5” dronu sınaqdan keçirilib

Rusiyada beşinci nəsil “Sibiryçok-5” pilotsuz uçuş aparatı sınaqdan keçirilib.

Sherg.az xəbər verir ki, Dronun əsas üstünlüyü operatorla əlaqə kəsildikdə belə avtomatik olaraq geri qayıda bilməsidir.

Sınaqlar radioelektron mübarizə şəraitində və əlverişsiz hava şəraitində, o cümlədən buzlu yağış zamanı aparılıb. Məlumata görə, aparat maneələrə baxmayaraq tapşırıqları uğurla yerinə yetirib.

Dronun geri qayıtması üçün vizual odometriya sistemi istifadə olunur. Bu sistem kameraların görüntüləri əsasında onun hərəkət istiqamətini müəyyənləşdirir və xarici siqnal olmadan naviqasiyanı təmin edir.

“Sibiryçok-5” avtomatik qalxma və enmə funksiyalarına malikdir, havada 90 dəqiqəyədək qala bilir. Onun idarəetmə məsafəsi 28 kilometr, uçuş hündürlüyü 1000 metr, faydalı yük götürmə qabiliyyəti isə 4 kiloqramdır.

Dron infrastruktur obyektlərinin monitorinqi, tikinti və mədən işlərinin müşahidəsi, insanların axtarışı, hüquqpozuntularının qeydə alınması və digər xüsusi tapşırıqlar üçün nəzərdə tutulub.

Aparat lazer məsafəölçəni, 160 qat optik yaxınlaşdırma imkanına malik kamera və gecəgörmə sistemi ilə təchiz olunub. Onun bütün əsas komponentləri Rusiyada istehsal edilir.