Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından sonra Prezident Volodimir Zelenski də Rusiyanın Donetsk vilayətinin Konstantinovka şəhərini ələ keçirməsi ilə bağlı iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Putin ABŞ-nin Müstəqillik Günü ərəfəsində cəbhədəki vəziyyətlə bağlı dünyaya və Prezident Donald Trampa yalan danışmaq qərarına gəlib. İddia edir ki, guya Rusiya qüvvələri Konstantinovkanı işğal edib. Əlbəttə, bu, doğru deyil. Bu, sadəcə hansısa xəbər gündəmi yaratmaq üçün növbəti rus yalanıdır.

Əgər Konstantinovka həqiqətən də hazırda Rusiyanın nəzarəti altındadırsa, deməli, Putinin mənimlə orada görüşərək müharibəni nəhayət başa çatdıracaq diplomatik həll yollarını müzakirə etməkdə heç bir problemi olmamalıdır. Amma o, bura gələ bilməyəcək, çünki reallıq Putinin dediklərindən çox fərqlidir”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov bundan əvvəl Prezident Vladimir Putinə Konstantinovkanın ələ keçirilməsini məruzə etmişdi.