Sabiqlər Ermənistanı dalana dirəyib

Erməni cəmiyyəti indi-indi anlayır ki, ölkənin nicatı Azərbaycanla münasibətlərin yaxşılaşmasından keçir

"Görünür ki, Baş nazir Nikol Paşinyan və komandası bu həqiqəti və reallığı artıq anlayıblar. Əks halda onların da aqibəti əvvəlkilərdən fərqlənməyəcək"


   Son hadisələr Ermənistan cəmiyyətini qəflətdən oyadır. Ölkənin siyasi elitası reallığı xülyadan fərqləndirməyə çalışır. Ancaq sanki erməni cəmiyyətinin yuxudan ayılıb qonşuları ilə dinc yanaşı yaşamasına hansısa xarici əl mane olur. Heç şübhəsiz, bu əli Ermənistanda dəstəkləyənlər də var. Əslində, ötən gün Ermənistan parlamentində baş verənlər bunu təsdiqləyir. Parlamentin hakim “Vətəndaş razılaşması” fraksiyasından olan deputat Vigen Xaçatryanın çıxışı bir çox mənalarda ölkədə rezonans yaradıb. 

O, parlamentdə çıxışı zamanı bildirib ki, “1996-cı ildə Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan ermənilər üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürmüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İllər ötüb və bu gün, demək olar ki, bu, düzgün ideya deyil”. Eyni zamanda milyonçu deputat Qurqen Arsenyan bildirib ki, son yüz ildə erməni və ermənilik “Azərbaycanofobiya” və “türkofobiya” ilə sıx şəkildə qəbul edilib.

Politoloq Sədrəddin Soltan “Şərq”ə bildirib ki, göründüyü kimi, Ermənistanda heç də hamı Robert Koçaryan, Serj Sarkisyan və onların təmsil etdiyi siyasi düşərgədəkilər kimi düşünmür. Analitikə görə, həmin şəxslər Qarabağla bağlı uydurmaları və Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəsləyirlər: 

“Bu sabiqlər və ətraflarına toplaşanlar erməni cəmiyyətinin reallığı, həqiqəti qəbul etməsinə, xülyalardan oyanmasına mane olurlar. Onlara bu işdə bir sıra mətbu orqanlar dəstək verir. Bu tiplərə Ermənistan cəmiyyətinin gələcəyi deyil, kimlərinsə tapşırığını yerinə yetirmək vacibdir. Həmin qüvvələr Ermənistana etimadın, inamın yaranmasına mane olurlar. Ümumiyyətlə, Ermənistan cəmiyyətinin reallıq olaraq qəbul edəcəyi həqiqətlərə Azərbaycan və Türkiyəni düşmən kimi görmək ideyasından əl çəkmək, ərazi iddiası xülyasından oyanmaq və s. daxildir. 44 günlük müharibədən sonra bir sıra mətləblər kimi, Ermənistan cəmiyyətinin Qarabağa münasibətinin üzərinə də işıq düşdü. Bu torpaqların onlara aid olmadığı bir daha təsdiqləndi. Əgər həmin torpaqlar onlara məxsus olsaydı, oraları əkər, biçər və tikərdilər. Müharibədən əvvəl və savaş zamanı sübut olunub ki, erməni ata-analar oğullarının Azərbaycana aid ərazidə ölməsi, yaxud şikəst qalmasını artıq istəmirlər. Bunu Ermənistanda valideynlərin övladlarını Qarabağda xidmətdən yayındırdıqları barədə çoxsaylı informasiyalar da təsdiqləyir. Müharibə dövründə erməni cəmiyyətinin ovqatı da bundan xəbər verirdi. Bu ölkənin ordusunun hərbi vətənpərvərlik ruhunun aşağı olduğu belə deməyə əsas verir.

Ekspert vurğulayıb ki, Ermənistan ordusu dağılmış haldadır. Hələ də orduya rəhbərlik formalaşmayıb: 

“Ölkə iqtisadiyyatı Rusiyadan, demək olar ki, tam asılı vəziyyətdədir. Ermənistanın siyasi səhnəsində müxalifəti Rusiyanın maraqlarını müdafiə edən revanşistlər tutub. Onlar ölkədə və regionda mövcud vəziyyəti dəyərləndirib mövcud iqtidarın yürütdüyü daxili və xarici siyasəti qərəzli deyil, obyektiv tənqid edən müxalifətin yaranmasına mane olurlar. Həmin qüvvələr hakimiyyətdə olduqları illərdə korrpusiya və müxtəlif cinayətlərlə topladıqları var-dövləti bu gün pozuculuq fəaliyyəti göstərməklə Ermənistanın bir dövlət kimi sıradan çıxmasına, zəifləməsinə xərcləyirlər. Bu siyasilər Ermənistanı çətin vəziyyətə salıblar. Ölkə çıxılmaz şəraitlə üz-üzədir. Keçmiş prezidentlərin gözü hələ də arxada qalıb. Belə halda reallığı və irəlini görmək, həqiqəti dərk etmək mümkün olmur. Sarkisyanlar, koçaryanlar saxtakarlıq etməklə uğur əldə etməyə səy göstərirlər. Bu qüvvələr törətdikləri əməllərlə ermənilərin keçmişinin ləkələri və gələcəyinin isə düşmənləridirlər. Ermənistanın düşdüyü bataqlıqdan çıxmasının yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq və hikkəli iddialardan, uydurma ideologiyadan əl çəkməkdir. Görünür ki, Baş nazir Nikol Paşinyan və komandası bu həqiqəti və reallığı artıq anlayıblar. Əks halda onların da aqibəti əvvəlkilərdən fərqlənməyəcək. Çünki Koçaryan və Sarkisyanın da xidmət etdiyi uydurma "Qarabağın müstəqilliyi" ideyası nəticəsində Ermənistan dalana dirənib və vəziyyətdən çıxmadan inkişafa nail ola bilməyəcək. Elə rəsmi İrəvanın hazırkı siyasi kursu da buna hesablanıb”.