Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək

“Suriya Livanda hərbi əməliyyatlara başlamaq və ya bu ölkədəki vəziyyətə hərbi yolla müdaxilə etmək niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

O bildirib ki, Livanın quru sərhədinin böyük hissəsi Suriya ilədir, buna görə də qonşu ölkədə baş verən hadisələr Dəməşqə birbaşa təsir göstərir. Şaraa həmçinin Livandakı vəziyyətin daha da gərginləşə biləcəyindən ciddi narahatlığını ifadə edib.

“Livana hərbi müdaxilə etmək niyyətində deyilik”, - dövlət başçısı vurğulayıb.

Əhməd Şaraanın sözlərinə görə, Suriya silahların yalnız Livan dövlətinin nəzarətində olmasını və mərkəzi hakimiyyətin gücləndirilməsini dəstəkləyir:

“Qırx il ərzində hakimiyyətkənar qüvvələrin silahlı olması ideyası təşviq olunub və bu, regionda fəlakətli nəticələrə gətirib çıxarıb”.

Suriya lideri əlavə edib ki, Livanla İsrail arasında əldə olunmuş razılaşma Dəməşq-Təl-Əviv həll prosesindən tamamilə fərqli istiqamətdə irəliləyir. Şaraa sənəddə çoxsaylı boşluqların olduğunu əsas gətirərək, həmin razılaşmanın uğur qazanacağına şübhə ilə yanaşdığını bildirib.