Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirməyi planlaşdırır

Sloveniya Dövlət Məclisinin (parlamentin aşağı palatası) yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-nun tərkibindən çıxması ilə bağlı referendum keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, Stevanoviç bu barədə Sloveniya Radio və Televiziyasına bildirib.

"Deməliyəm ki, biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik", - parlamentin spikeri vurğulayıb.

Onun sözlərinə görə, Lyublyana müstəqil, suveren siyasət yürütməli, dövlətin maraqlarını prioritet olaraq qoruyub saxlamaqla bütün ölkələrlə əməkdaşlıq etməlidir.

"Biz başqalarının hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı çıxacağıq, çünki Sloveniya bundan heç vaxt fayda görmür", - Stevanoviç əlavə edib.