Rusiyanın Soçi şəhərində ötən il 10 nəfərin ölümünə səbəb olan kütləvi çaça zəhərlənməsi ilə bağlı məhkəmə prosesi başlayıb.
Sherg.az xəbər verir ki, istintaqın məlumatına görə, tərkibində zəhərli metanol olan spirtli içki Kazak bazarında 71 yaşlı Eteri və onun nəvəsi Olesya tərəfindən satılıb. Təqsirləndirilən şəxslər günahlarını etiraf ediblər. Onlar təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərməkdə və ehtiyatsızlıqdan bir neçə nəfərin ölümünə səbəb olmaqda ittiham olunurlar. Bu maddə üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
İş üzrə qanunsuz spirt istehsalı və satışı ilə əlaqəli daha 5 nəfər də saxlanılıb.
İlk məhkəmə iclası iyulun 3-nə təyin edilib. Zərərçəkənlər satıcılara, həmçinin nəzarət qurumlarına qarşı mülki iddialar qaldırmağa hazırlaşırlar. Hadisənin baş verdiyi Kazak bazarı isə sökülüb.