ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin əvvəlində Minab şəhərindəki məktəbə edilən hücumun ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyinə inanmadığını bildirib.
Sherg.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Pentaqonun hadisə ilə bağlı araşdırmasına münasibət bildirərək, “Düşünmürəm ki, bunu biz etmişik”, - deyə vurğulayıb. O, bu qənaətinin hansı faktlara əsaslandığını isə açıqlamayıb.
Tramp yalnız qeyd edib ki, həmin dövrdə Yaxın Şərqdə intensiv raket hücumları baş verirdi.
Xatırladaq ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Minab şəhərində qızlar üçün ibtidai məktəbə hücum edilmiş, binanın çökməsi nəticəsində onlarla uşaq dağıntılar altında qalmışdı.
Daha sonra İran tərəfi məktəbə hücumun ABŞ hərbçiləri tərəfindən BƏƏ-də yerləşən “Əl-Dafra” aviabazasından həyata keçirildiyini iddia edib. İranın məlumatına görə, hadisə nəticəsində 170-dən çox insan həlak olub.