Tramp Çinin aqressiv idxal-ixrac və ticarət siyasətindən narahatdır - ŞƏRH

"Bu məsələdə Çin Kommunist Partiyasından müəyyən razılıq əldə etmək istəyir”

ABŞ-Çin münasibətlərində növbəti kritik mərhələ yaxınlaşır. Vaşinqtonla Pekin arasında artan geosiyasi rəqabət fonunda Donald Tramp və Si Cinpin arasında planlaşdırılan görüşün əsas gündəm mövzularından birinin Tayvan olacağı açıqlanıb. ABŞ dövlət katibi Marko Rubio Ağ evdə jurnalistlərə açıqlamasında Tayvanın əsas müzakirə mövzularından biri olacağını vurğulayıb. Onun sözlərinə görə, ABŞ Tayvan və ümumilikdə Hind-Sakit okean regionunda hər hansı sabitliyi pozan hadisələrin baş verməsini istəmir. Marko Rubionun bu bəyanatı göstərir ki, Tayvan məsələsi təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Hind-Sakit okean regionunda qüvvələr balansının müəyyənləşdiyi əsas strateji başlıqlardan biri olaraq qalır.

Qeyd edək ki, Tramp mart ayında İranla bağlı hərbi əməliyyatlar səbəbindən Çin səfərini təxirə saldığını bildirmişdi.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a söyləyib ki, Tramp mart ayının sonunda Çinə planlaşdırılan, İran müharibəsində istədiyi nəticəni əldə edə bilmədiyi üçün təxirə salmışdı:

“Tramp düşünürdü ki, İranda qələbə qazanacaq, hakimiyyəti devirəcək və daha sonra Çinə qalib kimi səfər edəcək. Çünki İranla Çin arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev rəhbəri hesab edirdi ki, Venesueladan sonra İranı da zəiflətməklə Çinə təsir imkanları artacaq. Amma bu baş vermədiyinə görə Çinə səfərini təxirə saldı və mayın 15-16-na keçirdi. Amma Trampın bu barədə açıq izahı yoxdur. Böyük ehtimalla, bu səfər reallaşsa, iqtisadi-ticarət münasibətləri də daxil olmaqla, müxtəlif mövzular müzakirə olunacaq. Çünki burada da problemlər mövcuddur. Tramp Çinin aqressiv idxal-ixrac və ticarət siyasətindən narahatdır. Bu məsələdə Çin Kommunist Partiyasından müəyyən razılıq əldə etmək istəyir”

Analitik qeyd edib ki, müzakirə ediləcək mövzular içərisində Tayvan da ola bilər:

“Halbuki ABŞ Prezidenti Tayvanı Çin Kommunist Partiyası ilə müzakirə etmək istəmir. Ümumiyyətlə Amerika formal olaraq Tayvanı Çinin ərazisi kimi tanısa da, Tayvanın Çinin nəzarətinə keçməsinin tərəfdarı deyil. Çünki Tayvanla Amerikanın iqtisadi əlaqələri var, yatırımlar mövcuddur. Bu səbəblərdən dolayı da istəmir ki, Tayvan Çinin hərbi yolla nəzarətinə keçsin. Amma Çinin də müəyyən planları var. O, hərbi yolla olsa belə, Tayvanı materik Çinlə birləşdirmək istəyir. Bu baxımdan Çin Kommunist Partiyası bu mövzunu həm də Trumpla ona görə müzakirə etmək niyyətindədir ki, Amerika hərbi əlaqələri dayandırsın, oraya hərbi texnika göndərməsin, Tayvanla birgə hərbi təlimlər keçirməsin. Amma Trampın bu tələbləri qəbul edəcəyini zənn etmirəm. Çünki Trampdan öncə də Tayvanla Amerika arasında hərbi əməkdaşlıq mövcud olub. Bu siyasət gələcək illərdə də davam edəcək”.