Trampın Çin anlaşması: Tehranı güzəştlərə getməyə məcbur edəcək - ŞƏRH

Xüsusilə iqtisadi problemlərin dərinləşməsi İran hakimiyyətini düşünülmüş qərarlar verməyə sövq edə bilər

"Çin-ABŞ yaxınlaşmasının İranın gələcək siyasətinə ciddi təsir göstərəcək və regiondakı geosiyasi vəziyyəti yeni mərhələyə daşınacaq"

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində keçirilən tarixi görüşdə İranın nüvə silahına sahib olmaması məsələsində ortaq mövqe nümayiş etdiriblər.

Ağ Evin açıqlamasında bildirilib ki, Vaşinqton və Pekin İranın heç vaxt nüvə silahı əldə etməməsi barədə razılığa gəlib. Tərəflər həmçinin Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıblar. 

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında Donald Tramp ilə Si Cinpin arasında Pekində keçirilən görüşün çox ciddi hadisə olduğunu bildirib. Onun sözlərinə görə, görüş zamanı tərəflərin İranın nüvə silahı əldə etməməsi ilə bağlı ortaq mövqe nümayiş etdirməsi diqqət çəkən əsas məqamlardan biri olub:

“Əslində Trampın səfər zamanı qarşısına qoyduğu əsas hədəflərdən biri də İranın nüvə silahı əldə etməsinə qadağanın qoyulması idi. Bu yanaşma göstərir ki, Vaşinqton və Pekin qlobal təhlükəsizlik məsələlərində müəyyən sahələr üzrə əməkdaşlığa hazırdır. Xüsusilə də Hörmüz boğazı kimi strateji əhəmiyyət daşıyan bölgəyə nəzarət prioritet olaraq qalır. Iran uzun illər ərzində Çini özünün əsas iqtisadi və siyasi tərəfdaşlarından biri hesab edib. Buna görə də Pekinin ABŞ-la eyni mövqedən çıxış etməsi Tehranda ciddi narahatlıq yarada bilər. İran rəhbərliyi bunu müəyyən mənada diplomatik təzyiqin artması kimi qiymətləndirə bilər. Çünki Çin indiyədək Qərbin sərt sanksiyalarına qarşı İran üçün mühüm iqtisadi dayaq rolunu oynayırdı. Yeni yaranan vəziyyət İranın nüvə proqramı ilə bağlı siyasətinə də təsirsiz ötüşməyəcək. Əgər Çin açıq şəkildə nüvə silahına qarşı mövqeyini sərtləşdirərsə, Tehran beynəlxalq arenada daha da təklənmiş vəziyyətə düşə bilər. Bu isə İranın sərt xətti müdafiə edən qüvvələrini zəiflədə bilər”.

Politoloq hesab edir ki, Pekin və Vaşinqton arasında bu məsələ üzrə yaranan anlaşma Yaxın Şərqdə yeni siyasi balansın formalaşmasına səbəb ola bilər:

“Belə bir şəraitdə Tehran iqtisadi sanksiyaların yüngülləşdirilməsi və regional təzyiqlərin azalması üçün müəyyən güzəştlərə getməyə məcbur ediləcək . Xüsusilə iqtisadi problemlərin dərinləşməsi İran hakimiyyətini düşünülmüş qərarlar verməyə sövq edə bilər. Bununla yanaşı, İranın tam şəkildə geri çəkilməsi də real görünmür, çünki nüvə proqramı Tehran üçün həm təhlükəsizlik, həm də regional nüfuz məsələsi hesab olunur. Çin–ABŞ yaxınlaşmasının İranın gələcək siyasətinə ciddi təsir göstərəcək və regiondakı geosiyasi vəziyyəti yeni mərhələyə daşınacaq”.