Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu

Ukrayna ordusu gecə saatlarında işğal edilmiş Krım yarımadasına dronlarla zərbələr endirib, Saki, Feodosiya, Simferopol və Kerç şəhərlərində partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Krımskiy Veter” məlumat yayıb.

Bildirilib ki, gecə saat 01:00 radələrində Simferopolda ən azı iki güclü partlayış səsi eşidilib.

Feodosiyada da Rusiya mobil atəş qrupları dronları vurmağa cəhd edib. Bununla belə, PUA-nın yerli neft bazasının yerləşdiyi ərazini vura biləcəyi qeyd edilib.

Kerçdə də partlayış səsləri və dronların uçuşu müşahidə olunub. Ən yüksək aktivlik Mitridat dağı ətrafında və Kerç dəniz limanında qeydə alınıb. Yerli sakinlər liman yaxınlığında yanğın baş verdiyini bildiriblər.

Hücum fonunda Rusiya qüvvələri Krım körpüsündə nəqliyyatın hərəkətini müvəqqəti dayandırıblar.