Ukrayna ordusu Krımı Rusiyadan təcrid edir

“İşğal altındakı Krımı hələlik tam təcrid olunmuş hesab etmək olmasa da, yarımadadakı Rusiya hərbi qüvvələrinin təchizat sistemi getdikcə daha güclü təzyiq altına düşür. Hazırda Rusiya nisbətən sabit şəkildə yalnız Kerç körpüsündən istifadə edə bilir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikası üzrə Nümayəndəliyinin açıqlamasında deyilib.

Qurumun məlumatına görə, Ukrayna Müdafiə Qüvvələrinin yarımadadakı əsas hərbi və infrastruktur obyektlərinə endirdiyi silsilə zərbələrdən sonra təchizatla bağlı problemlər artmağa başlayıb. Qeyd edilib ki, bu fonda bölgədə yoxlamalar gücləndirilib, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, qara bazarda yanacaq alverçilərinin sayı artıb, elektrik enerjisinin kəsilməsi halları və nəqliyyatın fəaliyyətində fasilələr çoxalıb.

Bununla yanaşı, Prezident Nümayəndəliyi vurğulayıb ki, Krımın tam təcrid olunduğunu söyləmək hələ tezdir:

“İndiki mərhələdə işğalçı qruplaşmanın bütün təchizat sisteminə qarşı təzyiqin mərhələli və nəzarətli şəkildə artırılmasından danışmaq doğru olardı. Məhz buna görə də zərbələrin hədəfi hərbi logistika, enerji və yanacaq infrastrukturudur”.

Məlumata görə, Rostov-Mariupol-Berdyansk-Melitopol avtomobil magistralı Ukrayna ordusunun daimi atəş nəzarəti altındadır. Rusiyanın dəniz logistikası Qafqaz limanında üç avtomobil bərəsinin məhv edilməsindən sonra ciddi itkilərə məruz qalıb.

Həmçinin Şimali Krım kanalı üzərindəki körpülərə endirilən zərbələrdən sonra yarımada ilə dəmir yolu əlaqəsi çətinləşib, Rusiya Qara Dəniz Donanması isə xeyli sayda gəmisini itirib. Ukrayna Prezident Nümayəndəliyinin qiymətləndirməsinə görə, hazırda Rusiya üçün yeganə nisbətən sabit təchizat marşrutu Kerç körpüsü olaraq qalsa da, oradan istifadə də ciddi məhdudiyyətlərlə üzləşib.