ABŞ “Media Program in Armenia” proqramı çərçivəsində Ermənistan mediasının, jurnalistlərin və bloqerlərin maliyyələşdirilməsinə təxminən 7,5 milyon dollar ayırıb.
Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti ABŞ hökumətinin xərcləri ilə bağlı araşdırdığı məlumatlara istinadən xəbər verir.
Vaşinqton əvvəlcə proqram üçün 15 milyon dollar ayırmağı planlaşdırmışdı. Proqram 2023-cü ildə fəaliyyətə başlayıb və 2028-ci ilə qədər davam etməli idi. Lakin maliyyələşdirmə iki ildən sonra dayandırılıb.
Vəsaitlər “müstəqil media” adlandırılan qurumlara dəstək göstərən beynəlxalq qeyri-kommersiya təşkilatı Internews vasitəsilə təqdim edilib.
"RİA Novosti"nin istinad etdiyi sənədlərə əsasən, 2024-cü ilin dekabrına qədər proqram çərçivəsində Ermənistanın 59 media qurumu dəstək alıb, 338 media nümayəndəsi isə təlim keçib. Layihənin dəstəyi ilə jurnalist və bloqerlər tərəfindən 805 media materialı hazırlanıb.
Proqram Donald Trampın Ağ Evə qayıtmasından sonra dayandırılıb. Tramp administrasiyası xarici layihələrin, o cümlədən USAID xətti ilə həyata keçirilən proqramların maliyyələşdirilməsini yenidən nəzərdən keçirməyə başlayıb. Internews-un Ermənistan media proqramı üzrə qrantının maliyyələşdirilməsi 1 mart 2025-ci ildə dayandırılıb.
Rusiya tərəfi daha əvvəl USAID-in Ermənistandakı fəaliyyətini tənqid edib. 2025-ci ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanda keçirilən Rusiyaya qarşı aksiyanı şərh edərkən belə layihələrə agentlik tərəfindən daha əvvəl ayrılmış vəsaitlərin yönəldilməsinin davam etdirilə biləcəyini ehtimal edib. O, həmçinin Rusiya-Ermənistan münasibətlərinə xələl gətirmək cəhdlərinin olduğunu bildirib.