Venesuelada məhbuslar istintaq təcridxanasına nəzarəti ələ keçiriblər

Bazar günü Venesuelanın qərbində yerləşən Barinas şəhərində yüzlərlə məhbus istintaq təcridxanasına nəzarəti ələ keçirib.

Sherg.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məhbuslar işgəncələrə məruz qaldıqlarını bildirərək, cəzaçəkmə müəssisəsinin rəhbərinin vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.

Venesuela həbsxanalarının Monitorinqi Mərkəzi ictimai təşkilatının məlumatına görə, etiraz aksiyalarında 1200 kişi və 100 qadın məhbus iştirak edir. Onların hüquq müdafiəçilərinə verdikləri məlumata əsasən, həbsxananın yeni rəhbəri bir həftə əvvəl təyin olunub.

Məhbusların sözlərinə görə, yeni rəhbərin təyinatından sonra saxlanma şəraiti kəskin şəkildə sərtləşdirilib və 120-dən çox şəxs cərimə təcridxanasına yerləşdirilib.

Venesuela hakimiyyəti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, iki gün əvvəl hökumətin sosial şəbəkə hesablarında 500 məhbusun əfv olunması, həmçinin ölkədə məhkəmə islahatlarına başlanılması barədə məlumat dərc edilib.

Məlumata görə, iyunun 1-dən etibarən əhalidən bu sahədə təkliflərin toplanması məqsədilə ümummilli sorğu kampaniyasına start veriləcək.