Serbiya Prezidenti Aleksandr Vuçiç keçmiş bosniyalı serb generalı Ratko Mladicin ölümündən sonra Haaqa tribunalını sərt tənqid edib. Vuçiç tribunalın səhhətinə görə Mladicin vaxtından əvvəl azadlığa buraxılması tələbini rədd etməsini “sivilizasiyaya zidd və bağışlanmaz davranış” adlandırıb.
Serbiya lideri bildirib ki, Mladicin Serbiyada son günlərini keçirməsinə icazə verilməməsi tribunalın onun həbsxanada ölməsini istədiyini göstərir. O, Mladicin ailəsinin Serbiyada dəfn olunmasına qərar verəcəyi təqdirdə Belqradın bütün lazımi dəstəyi göstərəcəyini açıqlayıb.
Ratko Mladic 27 avqustda Haaqadakı BMT həbsxanasında 84 yaşında vəfat edib. O, 1990-cı illərdə Bosniya müharibəsi zamanı törədilmiş soyqırımı və digər müharibə cinayətlərinə görə ömürlük həbs cəzası çəkirdi.