ABŞ İranın hərbi zərbələri nəticəsində ciddi ziyan dəymiş Bəhreyndəki Hərbi Dəniz Qüvvələrinə məxsus bazanın infrastrukturunu bərpa etmək üçün təxminən 400 milyon dollar xərcləmək məcburiyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Pentaqonun açıq sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, sözügedən hərbi obyekt bu ilin fevral ayının sonundan iyun ayına qədər İran tərəfindən endirilən zərbələr nəticəsində ağır zədələnib. Hücumlar zamanı bazadakı 10-dan çox bina və 2 peyk rabitəsi terminalı sıradan çıxıb. Yaranmış təhlükə səbəbindən ABŞ rəhbərliyi şəxsi heyətin böyük hissəsini ərazidən təxliyə edib və orada yalnız kiçik bir texniki qrup saxlayıb.
Qəzetin mənbələri rəsmi Vaşinqtonun Bəhreyndəki bazanı modernləşdirmək niyyətində olduğunu diqqətə çatdırıblar. Bununla belə, bəzi rəsmilər hücuma məruz qalan köhnə obyektlərin bərpasından tamamilə imtina edilə biləcəyini də istisna etmirlər. İlkin hesablamalara görə, ərazinin təmizlənməsi və möhkəmləndirilməsi xərcləri nəzərə alınmadan, dağılmış binaların yerində yenilərinin inşası 400 milyon dollara başa gələcək.
Hesabatda vurğulanır ki, Bəhreyndəki hərbi baza İranın indiki zəngin raket və dron arsenalına sahib olmadığı dövrlərdə tikilib. ABŞ-nin Yaxın Şərqdə keçirdiyi son hərbi əməliyyatlar isə bu strateji obyektin müdafiə baxımından olduqca zəif və həssas vəziyyətdə olduğunu üzə çıxarıb.
Qeyd edək ki, Pentaqon Yaxın Şərqdə mümkün yeni hərbi qarşıdurmalar zamanı İran tərəfindən dəyə biləcək ziyanı minimuma endirmək məqsədilə Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarının da daha təhlükəsiz bölgələrə köçürülməsi variantlarını nəzərdən keçirir.