"Bu, “nəzakət səfəri” deyil, strateji yenidən mövqelənmə addımıdır
Rusiya Suriyada daimi hərbi və strateji mövcudluğunu qorumaqda qərarlıdır
Yaxın Şərqdə müşahidə olunan geosiyasi dinamika Rusiya-Suriya münasibətlərini yenidən gündəmin ön sırasına çıxarıb. Bu kontekstdə Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani və müdafiə naziri general-mayor Murhaf Əbu Kasranın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş xüsusi diqqət çəkir. Suriya dövlət agentliyi SANA-nın məlumatına görə, görüşdə siyasi, hərbi və iqtisadi sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, xüsusilə hərbi sənaye sahəsində strateji əməkdaşlıq ön plana çıxarılıb. Uzun müddət əsasən siyasi və diplomatik çərçivədə dəyərləndirilən Rusiya-Suriya münasibətləri bu görüşlə açıq şəkildə hərbi-texniki müstəviyə keçdiyini nümayiş etdirir. Bu isə sadəcə protokol xarakterli təmas deyil, dəyişən regional güc balansları fonunda Moskva və Dəməşqin strateji cəhətdən yenidən uyğunlaşmağa çalışdığını göstərir.
İstanbul Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru, türk politoloq Yaşar Onay Sherg.az-a açıqlamasında söyləyib ki, keçirilən görüşün Rusiya-Suriya münasibətlərinin artıq yalnız siyasi müstəvidə deyil, yenidən güclü şəkildə hərbi-texniki ox üzərində qurulduğunu göstərir:

"Bu, “nəzakət səfəri” deyil, strateji yenidən mövqelənmə addımıdır. Əsas məqamları belə sıralamaq olar. Birincisi zamanlama olduqca kritikdir. Suriya vətəndaş müharibəsindən sonrakı dövrdə ordusunu yenidən formalaşdırmağa çalışır. Rusiya isə Ukrayna müharibəsi səbəbindən Qərbdən təcrid olunduğu bir vaxtda sadiq və uzunmüddətli tərəfdaşlarını möhkəmləndirməyə ehtiyac duyur. Bu görüş məhz bu iki ehtiyacın kəsişdiyi nöqtədə baş tutur. İkincisi Hərbi-sənaye vurğusu təsadüfi deyil. “Modernləşmə, Ar-Ge, texniki təcrübə mübadiləsi” kimi ifadələr təkcə silah satışı demək deyil. Bunlar həmçinin təlim, texniki xidmət və təmir, birgə istehsal, doktrina ötürülməsi mənasını da daşıyır. Bu isə Suriya ordusunun Rusiya hərbi ekosisteminə daha sıx şəkildə bağlanması deməkdir.
Ekspert 3-cü əsas məqamın Rusiyanın meydanı tərk etməməsi olduğunu deyib:
Bir müddətdir “Rusiya Suriyadan çəkilirmi?” sualı müzakirə olunurdu. Lakin bu təmas əksini göstərir: Rusiya Suriyada daimi hərbi və strateji mövcudluğunu qorumaqda qərarlıdır. Bu, eyni zamanda Tartus və Hmeymim kimi bazaların uzunmüddətli təhlükəsizliyinin təmin olunması anlamına gəlir. Dördüncü mesaj təkcə Dəməşqə aid deyil. Bu görüş ABŞ-yə, İsrailə, Türkiyəyə dolayı mesaj daşıyır: Moskva Suriya tənliyində hələ də oyunqurucu aktordur.
Analitik bu təmasın Suriyanın təhlükəsizliyini yenidən Rusiya üzərindən qurmaq, Rusiyanın isə Yaxın Şərqdəki hərbi nüfuzunu qorumaq cəhdi olduğunu söyləyib:
"Bu, qısa müddətdə balansları sarsıtmasa da, orta müddətdə Suriya ordusunun xarakterini daha çox “rus tipli” hala gətirəcək".