Zaxarova: Rumıniyada gimnastikanın siyasiləşdirilməsi diqqətdən kənarda qalmayacaq

Rusiyanın Xarici İşlər Nazirliyi Rumıniyada keçirilən bədii gimnastika yarışlarında rusiyalı idmançılara qarşı tətbiq edilən məhdudiyyətlərə etiraz edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, iyunun 26-28-də Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən "Challenge Cup" turnirində Rusiya dövlət bayrağı və himninin nümayişinə qoyulan qadağa idmanın siyasiləşdirilməsinin növbəti nümunəsidir.

Zaxarova bu qərarı qəbuledilməz adlandıraraq vurğulayıb ki, Moskva belə addımları diqqətdən kənarda qoymayacaq.

Diplomatın sözlərinə görə, son illərdə Rumıniyada gücləndirilən rusofobiya belə halların yaranmasına səbəb olur və bu, ölkədə hökm sürən özbaşınalığın göstəricisidir.

Qeyd edək ki, Rusiya bədii gimnastika millisi təşkilatçıların dövlət bayrağı və himnindən istifadəyə icazə verməməsi səbəbindən Rumıniyada keçirilən Challenge Cup turnirində iştirakdan imtina edib.